Virciniyada yerləşən Azərbaycan Evi Anım Günündə icma ilə bir araya gəldi
27 sentyabr 2025, Virciniya, ABŞ – Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi Azərbaycan icmasının iştirakı ilə Anım Gününə həsr olunmuş tədbir təşkil etdi. Tədbir eyni zamanda Azərbaycan Dili Təqaüd Proqramının ilk dərs günü ilə üst-üstə düşərək, kursun şagirdləri tərəfindən də qeyd olundu. Dərs çərçivəsində günün tarixi və mahiyyəti müzakirə edildi, uşaqlara şəhidlərimizin qəhrəmanlığı və vətən sevgisi öyrədildi.
Ənənəyə uyğun olaraq, icmamız Baku Delicious şirkətinin sponsorluğu ilə keçirilən tədbirdə gün ərzində həm yerli, həm də xarici qonaqlara ehsan süfrəsi təqdim edildi. İştirakçılar birlikdə “Hadrut, sən azadsan” sənədli filmini izləyərək, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı böyük ehtiramla yad etdilər.
Tədbir zamanı Azərbaycan Dili Məktəbinin Virciniya üzrə birinci mövsüm şagirdlərinə sertifikatlar təqdim edildi. Bu, həmvətənlərimizin milli kimliyini qorumaq, dilimizi və mədəniyyətimizi gələcək nəsillərə ötürmək yolunda mühüm addım kimi qiymətləndirildi.
Azərbaycan Evi olaraq, biz Anım Gününü hər zaman birlik və həmrəyliyin simvolu kimi qeyd edir, şəhidlərimizin ruhunu ehtiramla yad edirik



